Rəssamın həmyerlilərinə töhfəsi

 

Bu yaxınlarda istedadlı fırça ustası Qafar Sarıvəlli ən yaxşı əsərlərindən ibarət ekspozisiyasını doğulub-böyüdüyü Qazaxın sənətsevərlərinə təqdim etmişdir. Rəssamın sayca üçüncü fərdi sərgisi Mədəniyyət və Turizm Nazirliyinin vəQazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayondakı Dövlət Rəsm Qalereyasında təşkil olunmuşdur.

Qalereyanın direktoru Münəvvər Xəlilova sərgini giriş sözü ilə açaraq Qafar Sarıvəllinin zəngin və geniş mövzulu yaradıcılığı barədə məlumat vermiş, onun doğma torpaqla sıx bağlı olduğunu, əsərlərində yurd sevgisinin aydın sezildiyini vurğulamışdır.

Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun təbrik məktubu oxunmuş, rəssamlardan Məmməd Dəmirçioğlu, Nəcməddin Hüseynov, Səyyar Məmmədov, heykəltəraş Ramiz Qaya sənət dostlarını təbrik etmişlər.

Sonra rayonda qonaq olan Azərbaycan Respublikasının ombudsmanı Elmira Süleymanova, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, ictimaiyyət nümayəndələri sərgilənən əsərlərə baxmış, ekspozisiyadan zövq aldıqlarını ifadə etmişlər.

Rəssamın “Səhər”, “Natürmort”, “Günəş Şərqdən doğur”, “Sevgi”, “Mübarizə”, “Ayrılıq”, “Göyəzən”, “Qobustan”, “İncədərəsi”, “Kürqırağı”, “Soyqırım”, “Muğam aləmi”, “Zurnaçı”, “Qaçaq Kərəm”, “Yurda bağlı ömür” kimi mövzuca çeşidli, Vətən sevgisi və məfkurəvi ideyalarla mənalanmış əsərlərinə həmyerliləri xüsusi maraqla baxmışlar.

Bu günlərdə Qafar Sarıvəlli redaksiyamızın qonağı oldu, doğma torpaqdakı sənət hesabatı barədə təəssüratını söylədi:

— Mən rəssam olduğuma görə doğulduğum İncədərəsi obasına, kəndim Kəmərliyə borcluyam. O bənzərsiz yerlərin min bir rəngi — baharının ağ donu, yayının zümrüdü libası, payızının qızılı mənzərəsi, qışının çılpaq və qarlı görüntüləri, adamlarının möhkəm və mehriban simaları, halallıq saçan bənzərsiz obrazları dünyaya gözünü açıb özümü anlayanda qəlbimdə bitib-tükənməyən duyğular oyatmış, sanki “bizi gör və göstər” deyə pıçıldamışdır. Uşaqlıq illərində kəndimizin “balaca rəssamı” kimi tanındım, hərbi xidmətdə rəssamlıqla nəfəs aldım. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində görkəmli fırça ustalarından dərs alandan sonra taleyimi bugünədək sevib-seçdiyim rəngkarlıqla bağlamışam.

Mənim əvvəllər də Bakıda fərdi sərgilərim olub, müxtəlif sərgilərdə əsərlərim göstərilib. Qazaxdakı fərdi sərgimə isə daha ciddi, bir az da həyəcanla hazırlaşdım. Məni ərsəyə çatdıran torpağa, boynumda haqq-sayı olan insanlara borcumu qaytarmaq üçün bu sərgiyə kiçik bir fürsət kimi baxdım. Sağ olsun, həmyerlilərim, açılış günü böyük izdiham var idi. Sonrakı günlərdə də sərgiyə maraq səngimədi. Qazaxla bağlı əsərlərim adamlarda xoş duyğular yaradırdı. Sərgini yüksək səviyyədə təşkil edən qurumlara razılığımı çatdırmaq istəyirəm. Bu sənət hesabatımın uğurla baş tutması mənə yeni yaradıcılıq həvəsi gətirdi, insanların rəssamlardan nə gözlədiklərini bir daha anlatdı.

Sonda Qafar Sarıvəllinin yaradıcılığında aydın seçilən iki istiqamətin — mənzərə və portretlərin özəlliklərini oxuculara xatırladırıq. Əgər onun portretlərində təsvir olunan insanlar öz şəxsi keyfiyyətlərinə və fəaliyyətlərinə görə bir-birindən fərqlənirsə, mənzərələrinin hamısı bir məqsədə, yəni uca dağlarımızın, yaşıl çəmənliklərimizin, meşəliklərimizin, bir sözlə, təbiətimizin bənzərsizliyini, ana torpağımızın gözəlliyini bizə sevdirməyə qulluq edir.

Qafar Sarıvəllinin yaradıcılığında Azərbaycanda böyük ənənələri olan kitab tərtibatı sənəti də mühüm yerlərdən birini tutur. Son 20 ildə 100-dək kitaba çəkdiyi illüstrasiya onun bu sahədəki müvəffəqiyyətini sübuta yetirir. Yusif Kərimovun “Sarı sim”, Akif Səmədin “Ömrü özünə yaşasan”, Qara Qafqazlının “Şair elsiz olmasın”, Məhərrəm Qasımlının “Şah İsmayıl Xətainin poeziyası” və digər kitablara verilən tərtibatlar buna parlaq misaldır.

Qafar Sarıvəlli hazırda yaradıcılığının yetkin dövrünü yaşayır və sənətini ürəkdən sevən rəssam bundan sonra da bir-birindən gözəl, dərin məzmunlu əsərlər yaratmaq əzmindədir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 12 iyun.- S. 7.